CƏMİYYƏT
“İrəli” İctimai Birliyinin yeni loqosu təqdim olunub
Bakı, 26 iyul, Həsrət Mahmudova, AZƏRTAC
“İrəli” İctimai Birliyi iyulun 26-da rebrendinq tədbiri keçirib. Tədbirdə gənclər təşkilatlarının və ictimaiyyətin nümayəndələri, eləcə də KİV təmsilçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə “İrəli” İctimai Birliyinin yeni loqosu təqdim olunub, fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qeyd olunub ki, yeni loqo Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” simvolu ilə xalqımızın birlik və həmrəyliyini özündə ehtiva edir.
Rebrendinq tədbirində çıxış edən “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı təşkilatın gələcək planları və yaxın zamanlarda həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə məlumat verib. Bildirib ki, ictimai birlik 12 illik fəaliyyəti dövründə dövlət gənclər siyasətinin inkişafına mühüm töhfələr verib, ölkənin aparıcı gənclər təşkilatlarından biri kimi özünəməxsus yer tutub. Son illər gənclər siyasətinin daha müasir çağırışlar əsasında formalaşması nəzərə alınaraq “İrəli” İctimai Birliyinin fəaliyyətinin mahiyyətcə yeni mərhələyə qədəm qoyması təşkilatın ən başlıca məqsədlərindən biridir.
Tədbirdə “İrəli” İctimai Birliyinin həyata keçirdiyi tədbirlərin işıqlandırılmasında yüksək fəallıq göstərən bir sıra media qurumu və jurnalistlər Azərbaycan milli mətbuatının 146 illiyi münasibətilə təltif olunublar.
“İrəli” İctimai Birliyi ilə fəal əməkdaşlığa görə AZƏRTAC plaket, agentliyin əməkdaşı Həsrət Mahmudova isə “Təşəkkürnamə” ilə təltif olunub.