REGİONLAR
“İş yerində əməyin mühafizəsi qaydalarına əməl edilməsi” mövzusunda kurslar keçirilir
Naxçıvan, 7 oktyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Regional Peşə Tədris Mərkəzində “İş yerində əməyin mühafizəsi qaydalarına əməl edilməsi” mövzusunda növbəti maarifləndirici kurs təşkil olunub.
AZƏRTAC xəbər verir ki, beş iş günü davam edəcək ixtisasartırma kursuna “Gəmiqaya Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnşaat Materialları Sənaye Kompleksinin, “Gəmiqaya Nəqliyyat”, “Gəmiqaya Sənaye Kompleksi”, “Gəmiqaya Mebel Fabriki”, “Gəmiqaya Daş Məhsulları Kompleksi”, “Naxçıvan Duz İstehsalı”, “Cahan İnşaat”, “Dizayn İnşaat” Məhdud Məsuliyyətli cəmiyyətlərinin və Cahan Ticarət Mərkəzinin əməyin mühafizəsi üzrə, ümumilikdə, 9 mütəxəssisi cəlb edilib.
Kursda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən əməyin mühafizəsi sahəsində mülkiyyətçinin, işəgötürən və işçilərin vəzifələri, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətlərinin itirilməsi hallarından icbari sığortası, işçilərin əməyin mühafizəsi qaydalarına əməl etmələrinə nəzarət, qadınların və yaşı 18-dən az olan işçilərin əməyinin mühafizəsinin tənzimlənməsinin xüsusiyyətləri tədris olunur.
Həmçinin Naxçıvan Muxtar Respublikası Prokurorluğunun və Səhiyyə Nazirliyinin nümayəndələri tərəfindən müvafiq olaraq istehsalatda əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinin görülməməsinə görə məsuliyyət, baş verən qəzalar zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi qaydaları ilə bağlı mövzular da tədris edilir.
Yekunda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.