ELM VƏ TƏHSİL
İşğal olunmuş ərazilərdə yüzlərlə nadir və nəsli kəsilməkdə olan növlər təhlükə altındadır
Bakı, 28 sentyabr, AZƏRTAC
Vaxtilə Qarabağın florası və onun bitkiçiliyinin biomüxtəlifliyi dünyada analoqu olmayan rəngarəng şaquli zonallığı ilə fərqlənirdi. Qarabağ və ona bitişik ərazilərin ermənilər tərəfindən işğalı nəticəsində ölkəmizin milli və mədəni sərvəti olan bu sahələrdə meşələr və qoruqlar dağıdılıb, qiymətli endemik bitki növləri məhv edilib. Statistik məlumatlara görə, təkcə 63,414 hektar ərazi ermənilərin hərbi təlimləri və törətdikləri yanğınlar zamanı dağıdılıb. 100 min hektara yaxın kənd təsərrüfatına yararlı torpaq sahələri yararsız vəziyyətə düşüb. Əldə olunan məlumatlara görə, erməni işğalçıları zəbt olunmuş ərazilərdə qiymətli ağac cinslərini məhv edərək (palıd, fıstıq, çinar, ağcaqayın və s.), əvəzində işğalçılar tərəfindən (səhra, yarımsəhra, bozqır) kənd təsərrüfatına və sənaye bitkiləri siyahısına daxil olmayan bitkilər becərirlər.
Bunu AZƏRTAC-a açıqlamasında AMEA-nın müxbir üzvü, Dendrologiya İnstitutunun direktoru Tofiq Məmmədov deyib.
Alim qeyd edib ki, bütün bu qanunsuzluqlar flora və faunanın genefondunun saxlanılması ilə bağlı beynəlxalq konvensiyalara ziddir. Ona görə də Qarabağda və ona yaxın işğal olunmuş ərazilərdə genefondun mühafizəsində bütün beynəlxalq təşkilatlar, təbiətin qayğısına qalan alim və tədqiqatçılar Azərbaycan dövlətinə dəstək olmalıdırlar.
“Halbuki işğaldan əvvəl Qarabağın ümumi ərazisinin 36 faizi və ya 160 min hektar sahəsi ancaq meşəlikdən ibarət idi. Ümumiyyətlə, Qarabağ zonası özünün flora və fauna müxtəlifliyinə görə həmişə zəngin olub. Vaxtilə həmin ərazilərdə səhra, yarımsəhra, quru bozqır, bozqır, eləcə də dağ kserofit bitkilik tipi üstünlük təşkil edirdi. Ərazinin orta dağ qurşağında, dəniz səviyyəsindən 300-350 metr yüksəklikdə yarımsəhra bitki növləri, 1800 metr yüksəkliklərdə enliyarpaqlı meşələr, kolluqlar, 2300 metr yüksəklikdə isə subalp və alp çəmənlikləri, çox yüksəkliklərdə isə tundra növləri geniş yayılmışdı. Meşələrdə ağac və kol bitkiləri ilə yanaşı, bənövşə, lalə, qızılgül, zanbaq, qərənfil, böyürtkən və s. cinslərə daxil olan birillik, ikiillik, çoxillik və soğanaqlı növlər təbii halda bitirdi. Xüsusən Ağdərə, Əsgəran, Xocavənd rayonları palıd, vələs, fıstıq və ağcaqayın meşələri ilə zəngin idi. Yüksək dağlıq hissələrdə Şərq palıdına (Quercus majranthera), trautveter ağcaqayınına (Acer trautvetteri), tozağacının 4 növünə (Betula sp. Div), Şərq fıstığına (Fagus orientalis) rast gəlinirdi. Bu tip meşələrdə qeyd edilən bitkilik tipləri ilə yanaşı, bəzi yerlərdə su-bataqlıq bitkiliyinə də təsadüf edilirdi. Otlaq, meşə və kol massivləri arasında isə yerli əhali əsasən taxıl, bostan və texniki bitkilər becərirdi”, - deyə T.Məmmədov bildirib.
O bildirib ki, Qarabağın cənubunda yerləşən Bəsitçay Dövlət Qoruğunda qiymətli ağac cinsləri ilə yanaşı, Azərbaycanın “Qırmızı kitabına” daxil edilmiş Şərq çinarı (Platanus orientalis) növü də artırılırdı. Bununla yanaşı, Şuşa rayonunda (1600-1800 metr dəniz səviyyəsindən yüksəklikdə) yerləşən Topxana Dövlət Qoruğu inkişaf etdirildi.
Erməni təcavüzkarları tərəfindən həmin ərazilərin işğalı nəticəsində respublikamızın milli və mədəni sərvəti olan bu qoruqlarda yüzlərlə relik, nadir ali və ibtidai bitki növləri, o cümlədən 21 növ Azərbaycan endemi, 82 növ Qafqaz endemi, həmçinin yüzlərlə nadir və nəsli kəsilməkdə olan növlər, 3000-ə yaxın sənaye əhəmiyyətli bitkilər təhlükə altındadır.