REGİONLAR
İsmayıllı Velosiped Zavodunda istehsal edilən modellərin sayı 50-yə çatıb REPORTAJ VİDEO
İsmayıllı, 3 iyun, Rəşad Türkoğlu, AZƏRTAC
İsmayıllı Velosiped Zavodu (İSMA BİKE) 2016-cı ilin avqust ayında fəaliyyətə başlayıb. Zavodun əsas fəaliyyət sahələri velosipedlərin və əlil arabalarının istehsalıdır.
AZƏRTAC xəbər verir ki, hazırda zavodda 30 işçi çalışır və onlar əsasən İsmayıllı rayonundan olan gənclərdir. Zavod açılanda 3 əsas modeldə velosiped istehsal edilsə də, mühəndis-konstruksiya işləri genişləndirilərək modellərin sayı 50-yə çatdırılıb.
Zavodda istehsal edilən məhsullar satış məqsədilə hələlik yerli və paytaxt bazarlarına çıxarılsa da, gələcəkdə xarici bazarlara ixrac da qarşıya qoyulan əsas hədəflərdəndir. Zavodda əymə və qaynaq dəzgahları, istehsal və yığım xətləri, konveyerlər və rəngləmə kameraları mövcuddur. İstifadə olunan avadanlıqlar Avropanın aparıcı şirkətlərinindir və burada istehsal olunan velosipedlər Avropa standartlarına tam uyğundur.
İstehsalatda istifadə olunan ehtiyat hissələri Yaponiya, Tayvan, Malayziya və Almaniyadan gətirilir.
Ümumi istehsal ərazisi 2200 kvadratmetr olan zavodda velosiped təkərlərinin istehsalı, rəngləmə, anbar, təchizat sahələri və ofis var. Zavodun istehsal gücü layihə üzrə 30 min ədəd velosiped istehsalıdır.