REGİONLAR
İsmayıllıda fermerlərlə görüş keçirilib
İsmayıllı, 7 may, AZƏRTAC
İsmayıllıda Dövlət Aqrar İnkişaf Mərkəzinin və Bitki Mühafizə Mərkəzinin mütəxəssisləri rayonun ən iri taxılçılıq təsərrüfatı olan Qubaxəlilli kəndində “Payızlıq taxıl əkini sahələrində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbiri” mövzusunda növbəti maarifləndirici görüş keçiriblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 50-yə yaxın fermerin iştirak etdiyi görüşdə DAİM-in bitkiçilik sektorunun müdiri Paşa Məmmədov rayonun taxılçılıq sahəsində görülən işlərdən, qazanılan uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. Sonra Bitki Mühafizə Mərkəzinin rəisi Akif Əsədov taxıl sahələrində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılma qaydası, vaxtı və pestisidlərdən istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı ətraflı məlumat verib və bununla əlaqədar hazırlanan slyadı nümayiş etdirib.
Sonra tədbir iştirakçıları “AAFT” MMC-nin, fiziki şəxs Müşfiq Həsənovun və bir neçə fermerin əkin sahəsinə baxış keçirib. Baxış zamanı fermerləri maraqlandıran suallar cavablandırılıb.