REGİONLAR
İsmayıllıda taxılçılar zəmilərdən 109,7 min tondan çox məhsul götürüblər
İsmayıllı, 1 avqust, AZƏRTAC
İsmayıllı rayonunda taxıl biçini kampaniyası başa çatıb, zəmilərdən rekord miqdarda - 109 min 787 ton “sarı kəhrəba” götürülüb.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin məhsulu üçün 30 min 764 hektar sahədə taxıl yetişdirilib. Zəmilərin 22 min 495 hektarı buğda, 8269 hektarı isə arpa idi. Əkinlərə yüksək səviyyədə aqrotexniki qulluğun nəticəsi olaraq rayonda rekord səviyyədə məhsul istehsal edilib. Götürülən məhsul ötənilki göstəricidən 5455 ton artıqdır. Hər hektardan orta məhsuldarlıq 35,68 sentnerdir ki, bu da əvvəlki ildəkindən çoxdur. Bir sıra ərazilərdə daha yüksək məhsuldarlığa nail olunub. Təkcə Nikitin adına kolxozda buğdanın məhsuldarlığı 48,4 sentner olmaqla 10 min 419 ton, arpanın məhsuldarlığı isə 52,9 sentner olmaqla 10 min 906 ton məhsul istehsal edilib.
Hazırda bütün ərazi dairələrində mühüm aqrotexniki tədbir olan yay şumu çıxarılır.