REGİONLAR
İsmayıllının küçə və prospektləri 3D formatında rəsmlərlə bəzədilir FOTO VİDEO
İsmayıllı, 18 may, Rəşad Türkoğlu, AZƏRTAC
Yunanıstan, İtaliya və qardaş Türkiyədə belə məhəllələr kifayət qədərdir. Azərbaycanda isə Bakının Balaxanı və Bibiheybət qəsəbəsindən başlayan bu cür layihələrin davamı olaraq regionlarda ilk dəfə İsmayıllıda küçələrə rəssamlar tərəfindən rəsmlər çəkilir.
AZƏRTAC xəbər verir ki, ilin bütün fəsillərində qonaqlı-qaralı olan İsmayıllıda küçə və prospektlərdəki divarlar gənc rəssamların iştirakı ilə ilk dəfə 3D formatında rəsmlərlə bəzədilir.
Gənc rəssam Rima Əlizadə deyir ki, 3D formatında şəkillərin çəkilməsi ilə divarlarda real görüntü əks olunur. “İstifadə etdiyimiz boyalar yağışa davamlıdır, yəni tərkibində su olmayan boyalardır, quruduqdan sonra olduğu kimi qalır. Məqsədimiz isə sakinlərimizin və qonaqlarımızın könlünü oxşamaqdır. Bu işlərə ilkin mərhələdə şəhərin Babək küçəsindən start verilib. Hasarlar, evlərin fasadları müasir formada yenilənir. Küçə boyu hasarlar rəssamların xüsusi dizaynla işlədikləri təbiət tabloları ilə üzlənir”, - deyə o qeyd edib.
Rayonun baş memarı Vüsal Abdullayev isə bildirib ki, turizm potensialına görə regionda ön sıralarda qərarlaşan İsmayıllıda turistlərin ən çox gəlib-getdiyi yol üzərində bu işlərin görülməsi təsadüfi deyil: “Ümid edirik ki, görülən işlər həm rayona gələn qonaqların, həm də şəhər sakinlərinin ürəyincə olacaq”.
Divarlara çəkilən bu möhtəşəm gözəllikdə qədimliklə müasirliyin vəhdətini görmək mümkündür. Görülən işlər həm yerli, həm də xarici turistlərin marağını cəlb etməklə yanaşı, turizm sahəsində sahibkarlığın təşviqinə də öz töhfəsini verəcək.