MƏDƏNİYYƏT
İspaniya - təkrarolunmaz memarlıq abidələri ölkəsi VİDEO
Bakı, 2 iyun, Aygün Həsənova, AZƏRTAC
Dünyanın hər yerindən qonaq qəbul edən dəniz kurortları, qədim məbədlər, təkrarolunmaz memarlıq abidələri ölkəsi - İspaniya. Bura ilin bütün fəsillərində dincəlmək üçün gözəl məkandır. Amma yay mövsümündə, tətillər vaxtı İspaniyanın xüsusi yeri var.
“Azərbaycan Hava Yolları” QSC, “Summer Tour” və “Terramar Group” turizm şirkətlərinin təşkilatçılığı ilə mayın 23-30-u Barselona, Tarraqon, Kosta Daurada, Salou və bir çox əsrarəngiz məkanlar Azərbaycan jurnalistlərinə təqdim olundu. Bu unudulmaz infotur Bakı-Barselona-Bakı ilk mövsümi aviareysin açılışı ilə başladı. Barselonaya birbaşa uçuşlar həftədə bir dəfə həyata keçiriləcək. Sözsüz ki, aviareys İspaniyanın gözəlliklərini Azərbaycana açacaq, həm də ispanların ölkəmizlə tanış olmasına imkan yaradacaq. İnfoturda Azərbaycanın müxtəlif media qurumlarının nümayəndələri ilə yanaşı, AZƏRTAC-ın da əməkdaşı iştirak edib.
İnfoturun məqsədi jurnalistlərə İspaniyanın tarixi yerləri və turizm imkanları ilə tanış etmək idi. İlk olaraq onu deyək ki, İspaniya yalnız dəniz istirahəti yox, eyni zamanda dağ-xizək, ixtisaslaşmış idman və müalicə mərkəzləri də tanınır. Amma bura həm də alış-veriş etmək istəyən turistlər üçün unikal bir məkandır.
İspaniya ilə tanışlığımız Barselonadan cənubda, Tarraqon şəhəri yaxınlığında Kosta Daurada sahillərinin turistik mərkəzi olan Salou kurortundan başladı. Əla çimərliklərdən ibarət geniş zolaqlar və sahilyanı ərazilərdə yerləşən çoxlu sayda barlar, restoran, kafe və mağazalarla diqqət çəkən Salou regionun ən yaxşı qastronomiya və ticarət mərkəzlərindən sayılır. Şəhərdə həm ispan, həm də xarici istehsalçıların malları satılan geniş mağazalar şəbəkəsi var. Salounun lap yaxınlığında məşhur İspaniya Disneylendi - Port Aventura yerləşir.
Səfər zamanı Kosta Bravonun inzibati və turistik mərkəzi olan Lioret De Mardakı təkrarsız Santa Klotilde bağlarına, Gerona əyalətinin Fiqeyras şəhərində - məşhur ispaniyalı rəssam, heykəltəraş, filosof və rejissor, təsviri incəsənətdə sürrealizm cərəyanının ən məşhur nümayəndələrindən biri Salvador Dalinin muzeyinə ekskursiyalar təşkil olundu.
İnfotur günlərində Tossu qalası, Blanes bulvarı, Tarragonanın tarixi tikililəri, Benedikt rahiblərinin inşa etdiyi Monserrat monastırı, bir-birini təkrarlamayan tikililəri ilə göz oxşayan, Qaudinin şəhəri kimi tarixə düşən Barselona, tikintisi hələ də davam edən “Müqəddəs ailə” məbədi, barselonalıların fəxr və qürur mənbəyi saydığı “Nou Kamp” stadionu ilə də tanış olduq.
İspaniya səyahətindən təəssüratlar izahedilməzdir. Bizə təqdim edilən infoturun marşrutu həqiqətən bu ölkəni yaxından tanımağa imkan verir. Sözsüz ki, bu hələ İspaniyanın hamısı deyil. Amma mavi dəniz sahilləri, orta əsrlərin ab-havası, özünəməxsus təamlar İspaniyanı nağıllar ölkəsi kimi yaddaşınıza həmişəlik həkk etdirəcək.
Qeyd edək ki, Bakı-Barselona-Bakı reysi ilə səyahət etmək üçün turist paketlərini Bakının bütün turizm şirkətlərindən əldə etmək mümkündür.