DÜNYA
İspaniyanın hakimiyyət orqanları yeni seçkilər keçirilməsini istəmirlər
Madrid, 9 avqust, AZƏRTAC
İspaniyanın Baş Naziri səlahiyyətlərini icra edən Pedro Sançes ölkənin yeni hökumətini tezliklə formalaşdırmaq və yeni seçki prosedurundan qurtulmaq üçün nə mümkündürsə etmək niyyətindədir. Pedro Sançes bu niyyətini Kral VI Filipp ilə söhbətindən sonra bildirib.
AZƏRTAC xəbər verir ki, Pedro Sançes hökumətə rəhbərlik etmək üçün artıq iki dəfə parlamentin razılığını ala bilməyib. Solçu “Podemos” Partiyası və bu partiyanın rəhbəri Pablo İqlesias Sançesə fəal etimadsızlıq bildirir. P.Sançes də, öz növbəsində, bildirib ki, indi o da “Podemos” Partiyasına və onun rəhbərinə etimadsızlıq hissləri keçirir.
Əgər sentyabrın 23-dək Sançes hökumət ilə razılığa gələ bilməsə, Kral bütün bu orqanı ləğv etməyə məcbur olacaq, noyabr ayında isə yeni seçkilər keçiriləcək.
“Podemos” Partiyası nümayəndələrinin fikrincə, P.Sançes öz işini məsuliyyətlə yerinə yetirmək əvəzinə təzə bəhanələr fikirləşir, dəstək qazanmaq əvəzinə özünü təmizə çıxarmağa çalışır.
Yaxın vaxtlarda keçirilmiş sosioloji sorğu göstərib ki, Pedro Sançesin Sosialist Partiyası yeni seçkilərdə səs çoxluğu qazanmağa ümid edə bilərdi, lakin ispanlar artıq yorulublar və yenidən seçki məntəqələrinə getmək istəmirlər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid