CƏMİYYƏT
İstehsalat və məişət tullantıları haqqında qanunvericiliyin tələblərini pozan şəxslər cərimələniblər
Bakı, 23 noyabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar-mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin ötən dövründə keçirilən birgə tədbirlərlə paytaxtın Səbail, Sabunçu, Suraxanı, Xətai, Binəqədi, Xəzər, eyni zamanda, Abşeron rayonlarında və Sumqayıt şəhəri ərazisində İnzibati Xətalar Məcəlləsinin 244-cü (torpaqların zibillənməsi və korlanması), 266-cı (istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizə tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozmuş 52 fiziki, hüquqi və vəzifəli şəxs müəyyənləşdirilərək inzibati məsuliyyətə cəlb olunub. Həmin şəxslərə 81 min 500 manat məbləğində cərimə tətbiq edilib.
Göstərilən müddətdə şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddələrinin tələblərini pozmuş ümumilikdə 713 nəfər inzibati məsuliyyətə cəlb olunub.