SİYASƏT


İsveçdə diaspor fəaliyyəti üzrə yeni layihələrə dair fikir mübadiləsi aparılıb

Stokholm, 7 fevral, Rauf Əliyev, AZƏRTAC

İsveçdə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Faiq Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti “SAF” İsveç-Azərbaycan Dərnəyinin üzvləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Faiq Quliyev Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müxtəlif ölkələrdə aparılan işin məqsədi barədə danışıb. O, İsveçdə və ümumilikdə Skandinaviya regionunda diasporumuzun mühüm uğurlara imza atdığını bildirərək, “SAF” İsveç-Azərbaycan Dərnəyi ilə əməkdaşlığı yüksək qiymətləndirib.

Budəfəki səfərin də Skandinaviya ölkələri üzrə Koordinasiya Şurasının işi ilə yaxından tanış olmaq məqsədi daşıdığını deyən Faiq Quliyev ötən dövr ərzində onun fəaliyyətinin təhlil edilərək yaranan problem və boşluqların öyrənildiyini vurğulayıb. Qeyd edib ki, Dövlət Komitəsi mövcud yanaşma çərçivəsində diaspor təşkilatları ilə əməkdaşlığı davam etdirəcək və bu səpkidə diasporumuza lazımi dəstək vermək niyyətindədir.

Sonra “SAF” İsveç-Azərbaycan Dərnəyinin rəhbəri Sevda Dadaşova rəhbərlik etdiyi təşkilatın məqsədləri və apardığı iş haqqında ətraflı danışıb. Onun sözlərinə görə, dərnək yüzlərlə üzvü ilə birlikdə İsveç paytaxtında diaspor, habelə mədəni və ictimai fəaliyyətlə məşğul olan böyük şəbəkə yaratmaqla yanaşı, ölkəmizi layiqincə təqdim edir. Dərnəyin rəhbəri reallaşdırılan layihələrin uğurlu nəticələrindən və nəzərdə tutulan tədbirlərdən danışaraq Qarabağ həqiqətlərinin yayılması, türkdilli diaspor təşkilatlarının birgə fəaliyyəti, Qarabağ uşaq rəqs qrupunun nailiyyətləri, habelə İsveçdə Azərbaycan teatrının yaradılması planı haqqında söz açıb. Dərnəyin Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlığının vacibliyini vurğulayan diaspor fəalı bu əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Görüş diaspor fəaliyyəti üzrə yeni layihələrə dair fikir mübadiləsi və sualların cavablandırılması ilə davam edib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.