İDMAN
İsveçin ən məşhur tabloidlərindən biri Formula 1 Azərbaycan Qran-Prisindən yazır
Stokholm, 26 aprel, AZƏRTAC
İsveçin ən iri tabloidlərindən biri - “Aftonbladet” Formula 1 Azərbaycan Qran-Prisindən yazıb.
Tabloidin müxbiri Anna Anderson Bakıdan xəbər verərək bildirir ki, ötən il Azərbaycan paytaxtında keçirilən avtoyürüşlər unudulmaz olub və görünür, builki yürüşlər də ən azı onun qədər maraqlı keçəcək.
“Red Bull” komandasının pilotu Daniel Rikkardo A.Andersenə müsahibəsində deyib: “Bakı trası digər şəhər traslarından fərqlənir, çünki burada ötmə üçün çoxlu imkanlar var”.
Pilot daha sonra əlavə edib: “Burada elə sürə bilərsən ki, Monako və ya Sinqapur kimi şəhər traslarında belə edə bilməzsən. Ən çətini sürəti azaltmaqdır. Burada tormozlama nöqtələri çoxdur. Siz mümkün qədər gec tormoz vermək üçün cəsur olmalısınız. Burada səhv yolverilməzdir. Əgər təkərləri bloklamısansa, onda divara çırpılacaqsan. Sürəti azaltmaq üçün düzgün məqam seçməli və buna əmin olmalısan”.
2017-ci ilin Azərbaycan Qran-Prisində qalibiyyətli çıxışını xatırladan Daniel Rikkardo deyib: “Ötən ilki yarışlar çox adam üçün xariqüladə olub. Şanxayda olduğu kimi, bizim yaxşı strategiyamız vardı və düzgün qərarlar qəbul edilmişdi. Düşünürdüm ki, öz meydanımda mübarizə aparacağam. Yuxarı mövqelərdə olanların hamısı yürüşdən çıxdı. Mən bir neçə yaxşı ötmə etdim və sükanı belə saxladım. Yaranmış vəziyyət bir qədər dolaşıq idi. Hətta finiş xəttini keçəndə qalib gəldiyimizi bilmirdim. Hər şey elə intensiv oldu ki. Bu, həm çılğınlıq, həm də əyləncə idi, amma yaddaqalan təəssüratlar idi.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm