ELM VƏ TƏHSİL


İsveçrənin dövlət katibi Bakı Ali Neft Məktəbində olub

Bakı, 31 oktyabr, AZƏRTAC

Bakı Ali Neft Məktəbində (BANM) İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogio ilə görüş keçirilib. Görüşdə Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İsveçrənin Təhsil, araşdırma və innovasiya üzrə dövlət katibliyinin elmi məsələlər üzrə müşaviri Filip Rosli, Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova, İsveçrənin ölkəmizdəki səfiri Filip Ştalder, Cenevrə Universitetinin beynəlxalq əlaqələr üzrə icraçı direktorunun müavini, professor Aleksandr Hedcazi, ABB şirkətinin ölkə üzrə direktoru Rüstəm Qasımov, BANM-in məsul əməkdaşları iştirak ediblər.

BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor Elmar Qasımov qonaqlara Ali Neft Məktəbi haqqında ətraflı məlumat verib. Bildirib ki, BANM öz rekordları ilə daha çox seçilib. Belə ki, I ixtisas qrupu üzrə 700 bal toplayan abituriyentlərin hamısı BANM-i seçib. Eləcə də Prezident təqaüdünə layiq görülmüş 26 tələbənin hamısı BANM-in tələbələridir. Hər iki göstərici Ali Neft Məktəbini ölkə universitetləri arasında lider edib. Elmar Qasımov, həmçinin qeyd edib ki, BANM-də təhsilin ingilis dilində olması onun məzunlarının transmilli şirkətlərdə çalışmasını və xarici universitetlərdə təhsil almasını daha da asanlaşdırır.

İsveçrə Konfederasiyasının təhsil, araşdırma və innovasiya üzrə dövlət katibi Mauro Dell’Ambrogio Ali Neft Məktəbi haqqında müsbət fikirlər söyləyib. Qeyd edib ki, onun Azərbaycana səfərinin başlıca məqsədi, xüsusilə təhsil müəssisələrini ziyarət edərək İsveçrə müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasına yardım etməkdir. Bu nöqteyi-nəzərdən BANM mühəndislik sahəsində əməkdaşlıq ediləcək müəssisələr arasında öndə gedə biləcək ali məktəbdir.

Azərbaycana səfəri çərçivəsində dörd gün ərzində ikinci dəfə Ali Neft Məktəbini ziyarət etdiyini bildirən İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Filip Ştalder İsveçrənin ABB şirkəti tərəfindən təhsil sahəsinə dəstək çərçivəsində BANM-ə investisiya qoyularaq, Ali Neft Məktəbində xüsusi laboratoriya avadanlıqlarının quraşdırıldığını bildirib.

Rektor Elmar Qasımov isə ABB şirkətinin ölkə üzrə direktoru Rüstəm Qasımovun bu təşəbbüsünü yüksək qiymətləndirərək ABB şirkətinin timsalında İsveçrə Konfederasiyasına Azərbaycan təhsilinə edilən qiymətli investisiya üçün təşəkkür edib.

Daha sonra qonaqlar Ali Neft Məktəbinin kampusu ilə yaxından tanış olublar. ABB şirkəti tərəfindən quraşdırılan ABB laboratoriyasında isə “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasında təhsil alan tələbələr tərəfindən Mauro Dell’Ambrogioya laboratoriya və oradakı avadanlıqların təqdimatı edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.