RƏSMİ SƏNƏDLƏR


İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərinin mükafatlandırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. İtaliya Respublikasının Neapol şəhərində keçirilən Tələbələrin XXX Ümumdünya Yay Universiadasında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri aşağıdakı məbləğdə mükafatlandırılsınlar:

1.1. birinci yeri tutan hər bir idmançı - 50 min manat, onun şəxsi məşqçisi - 25 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançı - 30 min manat, onun şəxsi məşqçisi - 15 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançı - 20 min manat, onun şəxsi məşqçisi - 10 min manat;

1.4. komandanın baş məşqçisi - idman növü üzrə ən yüksək nəticə göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 iyul 2019-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin