DÜNYA
İtaliyada koronavirusa yoluxanların sayı bir milyon nəfəri ötüb
Roma, 12 noyabr, AZƏRTAC
İtaliyada koronavirusa yoluxanların sayı sürətlə artmaqda davam edir və noyabrın 11-də yoluxanların sayı bir milyon nəfəri ötüb.
AZƏRTAC xəbər verir ki, bu il 20 fevralda qeydə alınan ilk yoluxma faktından indiyədək ölkədə 1028424 nəfərin koronavirus daşıyıcısı olduğu müəyyən edilib. Yoluxmanın artımı ilə paralel olaraq COVID-19 ilə əlaqədar ölüm hallarının da sayı artmaqdadır və təkcə ötən sutka ərzində 623 ölüm halı qeydə alınıb. Bu isə aprelin 11-dən bəri gündəlik ölüm halları statistikasında ən yüksək göstəricidir.
Hazırda İtaliyada aktiv virus daşıyıcılarının sayı 613 min nəfərdən artıqdır. Onlardan 29444 nəfəri hazırda xəstəxanalarda müalicə alır, 2081 nəfər isə reanimasiya şöbələrinə yerləşdirilib.
İtaliyanın Baş naziri Cüzeppe Konte elan edib ki, bu ilin yazında tətbiq edilən modelinə bənzəyən və bütün ölkəni əhatə edən karantin rejiminə gedilməməsi üçün əlindən gələni edəcək. Bunun üçün isə regionlar səviyyəsində koronavirus əleyhinə tədbirlərin yaxın günlərdə nə dərəcədə uğurlu olacağı həlledici əhəmiyyət daşıyır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma