DÜNYA
İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri öldürülüb VİDEO
Bakı, 22 fevral, AZƏRTAC
İtaliyanın Xarici İşlər Nazirliyi Konqo Demokratik Respublikasındakı səfiri Luka Attanazionun və onu müşayiət edən karabinyerin silahlı hücum nəticəsində həlak olduğunu təsdiqləyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, nazirliyin bəyanatında diplomat və hərbçinin BMT-nin Konqo Demokratik Respublikasında stabillik üzrə missiyasının avtomobillərindən birində hücuma məruz qaldıqlarını bildirilir.
Yerli Actualite xəbər portalının yaydığı məlumata görə, avtomobil karvanına ölkənin şərqində hücum edilib. İki avtomobil naməlum şəxslər tərəfindən qurulan pusquya düşüb. Banditlərin məqsədi girovlar götürmək olub. İtaliya səfiri ilə yanaşı, avtomobilin sürücüsü və daha üç nəfər öldürülüb. Ağır vəziyyətdə olan yaralılar var.
Luka Attanazio İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirliyinə 2019-cu ilin oktyabrından rəhbərlik edirdi.