İQTİSADİYYAT
“Itochu” SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlıdır
Bakı, 10 iyul, AZƏRTAC
Yaponiyanın “Itochu” Korporasiyası SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlıdır.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, iyulun 10-da şirkətin prezidenti Rövnəq Abdullayev Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri, “Itochu” Korporasiyasının prezidenti Keita İşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
R.Abdullayev “Itochu”nun prezidenti K.İşini Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin həmsədri təyin olunması münasibətilə təbrik edib, “Itochu” ilə SOCAR-ın uzunmüddətli əməkdaşlıq əlaqələrindən danışıb, bu əlaqələrin inkişafı üçün geniş imkanlar olduğunu bildirib.
Yapon nümayəndə heyətinin rəhbəri K.İşi Bakıya ilk dəfə gəldiyini söyləyib, SOCAR-da olmaqdan məmnunluğunu ifadə edib. “Itochu”nun prezidenti SOCAR-la bütün istiqamətlərdə və formatlarda əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.
SOCAR-ın prezidenti Azərbaycanda xarici investisiyanın qorunması üçün yaradılan şəraitdən ətraflı bəhs edib, yapon şirkətlərinin ölkəmizin neft-qaz sektorunda iştirakını yüksək qiymətləndirib.
Xatırladaq ki, “Itochu” “Əsrin müqaviləsi” çərçivəsində “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağının işlənilməsi, daha sonralar isə Bakı-Tbilisi-Ceyhan layihəsində və SOCAR-ın Türkiyədə inşa etdiyi “Star” neft emalı zavodunun tikintisində iştirak edib.