İQTİSADİYYAT
İyunda avtobus sükanı arxasında tütün məmulatından istifadəyə dair 89 müraciət daxil olub
Bakı, 9 iyul, AZƏRTAC
İyunda sərnişinlər tərəfindən avtobus sürücülərinin sükanı arxasında tütün məmulatından istifadəsi ilə bağlı ümumilikdə 89 müraciət daxil olub.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 47 avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb. Eyni zamanda, rüb ərzində müvafiq inzibati xəta barəsində daha çox məlumat verən, tütün məmulatlarından istifadəyə qarşı mübarizə tədbirlərində Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin isə mükafatlandırılıb. Tütündən istifadə edən avtobus sürücülərinə qarşı mübarizədə sərnişinlərin birbaşa iştirakına şərait yaradan və “Yol Həyatdır” proqramı çərçivəsində həyata keçirilən kampaniyanın artıq müsbət nəticələri hiss olunur. Belə ki, aparılan monitorinqlər zamanı müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin tütün məmulatından istifadə hallarında azalma müşahidə edilir.