QAN YADDAŞI
İzmit şəhərində lisey şagirdlərinə Xocalı soyqırımı barədə məlumat verilib
Bakı, 23 fevral, AZƏRTAC
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının təşkilatçılığı ilə Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Nəsimi rayon bələdiyyəsinin sədri Nazim Qaraxanov və rayon 54 nömrəli orta məktəbin direktoru Sahibə Abbasova İzmit şəhər Peşə və Texniki Anadolu Liseyinin şagirdləri ilə görüş keçiriblər.
AZƏRTAC xəbər verir ki, görüşdə türkiyəli şagirdlər Xocalı faciəsi barədə ətraflı məlumatlandırılıb.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar qeyd edib ki, rəsmi sənədlərdə də göstərildiyi kimi, dinc əhaliyə amansız divan tutan erməni hərbçiləri qadın və uşaqları xüsusi qəddarlıqla qətlə yetiriblər. Əsirlikdəki Azərbaycan qadınlarına amansız işgəncələr verən erməni terrorçuları körpə uşaqları süngüyə keçirərək öldürüblər. O, liseyin şagirdlərini Xocalı soyqırımı barədə məlumatları bütün həmyaşıdlarına, yaxınlarına çatdırmağa çağırıb. Bunun türk xalqının ortaq ağrısı olduğunu deyən federasiyanın rəhbəri ermənilərin tarixən bənzər cinayətlər törətdiyini söyləyib.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, Xocalı faciəsi nəinki Azərbaycan xalqına, bütün bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətdir. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlıları sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə girərək qadın, uşaq demədən hər kəsi amansızcasına qətlə yetiriblər. Əsir götürülən dinc sakinlərə dəhşətli işgəncələr verilib. Bütün bunlar istintaq materiallarında da qeyd olunub.
Xocalı faciəsi ilə bağlı faktları eşidən şagirdlər bu cür hadisələri yalnız filmlərdə gördüklərini bildiriblər. İnsanlıq tarixində belə faciənin törədilməsini təsəvvürlərinə belə gətirmədiklərini deyən şagirdlər bu dəhşətli cinayət barədə həmyaşıdlarına məlumat verəcəklərini söyləyiblər.
Nəsimi rayon 54 nömrəli orta məktəbin direktoru Sahibə Abbasova rəhbərlik etdiyi təhsil ocağının şagirdlərinin Xocalı faciəsi ilə bağlı hazırladıqları əl işlərini türkiyəli şagirdlərə təqdim edib. Liseyin rəhbərliyi faciəni xatırladan bu əl işlərinin təhsil ocağının muzeyində saxlanılacağını bildirib.