DÜNYA
JAK ŞİRAK MUZEYİNDƏ YELİSEY SARAYINDA SÜFRƏLƏRİN BƏZƏDİLMƏSİNƏ HƏSR OLUNMUŞ SƏRGİ AÇILMIŞDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Sarran şəhərciyindəki Jak Şirak Muzeyində məşhur Yelisey sarayında dövlət qəbulları zamanı süfrələrin bəzədilməsinə həsr olunmuş nadir sərgi açılmışdır. Ekspozisiyanı hazırkı dövlət başçısının xanımı Bernadet Şirak açmışdır.
Jak Şirak Muzeyi Prezidentin vətənində, Fransanın mərkəzindəki tarixi Korrez vilayətində yaradılmışdır. Burada J.Şiraka prezidentliyi dövründə verilən hədiyyələr nümayiş etdirilir.
Builki sərgi təxminən son 100 il ərzində dövlət başçılarının Paris iqamətgahında – Yelisey sarayında açılan süfrələrin bəzədilməsinə həsr olunmuşdur. Burada süfrənin bəzədilməsi zamanı məşhur Sevr çini qablarına və “Bakkara” firmasının büllur məmulatına üstünlük verilir. Ekspozisiyada 240 nəfərlik dövlət qab-qacaq dəsti nümayiş etdirilir. Sərgidə qurman kimi tanınan Fransua Mitteranın yemək otağının quruluşu da təqdim olunur.