SİYASƏT
JELYU JELEVƏ BSU-NUN FƏXRİ DOKTOR DİPLOMU TƏQDİM EDİLMİŞDİR
Oktyabrın 30-da Bakı Slavyan Universitetində Bolqarıstanın sabiq dövlət başçısı, Balkan Siyasi Klubunun prezidenti, fəlsəfə elmləri doktoru Jelyu Jelevə universitetin fəxri doktoru diplomunun təqdim edilməsinə həsr olunmuş mərasimi keçirilmişdir.
BSU-nun rektoru, professor Kamal Abdullayev mərasimi açaraq, Azərbaycan və bolqar xalqları arasında dostluq əlaqələrinin, eləcə də elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın inkişafında Jelyu Jelevin rolundan danışdı.
Rektor BSU-nun dünyanın bir sıra ölkələrinin, o cümlədən Bolqarıstanın universitetləri ilə əməkdaşlığı barədə məlumat verərək bildirdi ki, əlaqələri daha da genişləndirməyə çalışırıq.
Sonra universitetin rektoru K.Abdullayev xalqlarımız arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə cənab Jelyu Jelevə Bakı Slavyan Universitetinin fəxri doktoru adı verilməsi haqqında Elmi şuranın qərarını oxudu, fəxri doktorluq diplomunu ona təqdim etdi.
Cənab Jelyu Jelev ona göstərilən bu şərəfə görə təşəkkürünü bildirdi. Hörmətli qonaq burada keçirdiyi görüşlər haqqında təəssüratını söylədi, Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlığın əhəmiyyətini vurğuladı.
Mərasimdə çıxış edən müəllim və tələbələr Jelyu Jelevi təbrik etdilər, xoş arzularını bildirdilər.
BSU-nun rektoru K.Abdullayev cənab Jelyu Jelevə bolqar dilində nəşr olunmuş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi (müharibəsi)” kitabını təqdim etdi. Qonaq isə universitetə müəllifi olduğu “Balkan Siyasi Klubu” kitabını və digər nəşrlər hədiyyə etdi.
Mərasimdən sonra Jelyu Jelev jurnalistlərin suallarına cavab verdi.
Mərasimdə təhsil naziri Misir Mərdanov və Bolqarıstanın ölkəmizdəki müvəqqəti işlər vəkili Əhməd Yüksəl iştirak edirdilər.