DÜNYA
KAMBOCANIN YENİ KRALI BALET RƏQQASI OLMUŞDUR
Balet rəqqası Siamoninin yeganə siyasi fəaliyyəti ölkəsinin YUNESKO-da elçisi işləməsi olmuşdur. Taxt-tac Şurasının yaydığı bəyanatda deyilir ki, kral titulu Siamoniyə dərhal keçsə də, tacqoyma mərasimi bu ayın sonunda olacaqdır.
51 yaşlı subay və musiqi həvəskarı Siamoni əvvəlcə taxt-taca can atmasa da, sonda bildirmişdir ki, Taxt-tac Şurası onu seçərsə, kral olmağa razılıq verəcəkdir. Ola bilsin ki, siyasətdən uzaq olduğunu və müasir Kambocada kralın, əsasən, təşrifati funksiya daşıdığını nəzərə alaraq, atası da, ölkənin Baş naziri Xun Sen də Siamoninin namizədliyini daha münasib saymışlar.
Norodom Siamoni keçmiş kralın böyük oğludur. Çexosoavakiyada və Şimali Koreyada təhsil almışdır. Vətənə qayıtdıqdan sonra o dövrdə hakimiyyətə gəlmiş qırmızı khmerlər onu ev dustağı etmişdilər. Bu rejimin həyata keçirdiyi soyqırımı siyasəti kral ailəsindən də yan ötməmişdi. Sianukun 14 uşağından 5-i qətlə yetirilmişdi.
Qırmızı khmerlər rejiminin süqutundan sonra Siamoni Fransaya getmiş, 1992-ci ildə isə Kambocanın YUNESKO-da təmsilçisi olmuşdur.