SİYASƏT
KƏRKÜKDƏ TERROR AKTI NƏTİCƏSİNDƏ 5 NƏFƏR HƏLAK OLMUŞ, 30-DƏK ADAM YARALANMIŞDIR
AZƏRTAC-ın ərəb informasiya agentliklərindən aldığı xəbərə görə, noyabrın 20-də Kərkük şəhərində Kürdüstan Vətənpərvərlər İttifaqının (KVİ) qərargahı yaxınlığında törədilmiş terror aktı nəticəsində beş nəfər həlak olmuş, 30-a yaxın adam isə yaralanmışdır. Ölənlərin üçü uşaqdır.
Məlum olmuşdur ki, təxribatı mina qoyulmuş avtomobili partladan terrorçu törətmişdir. Hadisə məktəbin yaxınlığında baş verdiyinə görə, yaralananların çoxu uşaqlardır. Onların yeddisi ağır vəziyyətdədir. Müəllimələrdən biri həlak olmuşdur.
Kərkük şəhər polis rəisinin sözlərinə görə, maşın KVİ –nin qərargahının 200 metrliyində partladılmışdır. İlkin məlumatlara görə, bu kiçik yük maşınında təxminən 200 kiloqram partlayıcı maddə olmuşdur.
KVİ-nin lideri Cəlal Tələbani hazırda İraq Müvəqqəti Şurasına başçılıq edir. Kürdüstan İşçi Partiyası ilə yanaşı, KVİ İraqın əsasən kürdlər məskunlaşmış şimal əyalətlərində geniş hakimiyyətə malikdir.