REGİONLAR
KEYFİYYƏTLİ TOXUM TAXILÇILIĞIN QIZIL FONDUDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu fikir Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran şəhərində keçirdiyi zona müşavirəsində səslənmişdir.
Cənub bölgəsinin 6 rayonunun - Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı və Cəlilabad rayonları icra hakimiyyəti başçılarının aqrar məsələlər üzrə müavinlərinin, bələdiyyə sədrlərinin, ərazi kənd təsərrüfatı idarəsinin mütəxəssislərinin, rayonların toxum müfəttişlikləri və bitki mühafizə mərkəzlərinin direktorlarının, Regional Aqrar Elm Mərkəzinin və Elmi-Tədqiqat İnstitutunun təcrübə təsərrüfatlarının dayaq məntəqələri rəhbərlərinin, qabaqcıl fermer təsərrüfatı başçılarının və torpaq mülkiyyətçilərinin iştirak etdikləri yığıncaqda regiona daxil olan rayonlarda taxıl məhsullarının qalığı, payızlıq dənli bitkilər əkini, bölgədə toxuma olan tələbat və «Toxumçuluq və tinglik təsərrüfatlarından satılan 1-ci və 2-ci reproduksiyalı toxumlara və tinglərə görə dövlət büdcəsindən təsərrüfatlara subsidiyaların ödənilməsi haqqında» Nazirlər Kabinetinin 2007-ci il 25 iyun tarixli qərarı ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Zona müşavirəsində Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi Abı Abıyev, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Nazim Səlimov, Lənkəran Regional Elm Mərkəzinin direktoru Teyyub Rzayev, Azərbaycan Çayçılıq Asossiasiyasının direktoru Fərman Quliyev, Cəlilabad Regional «Aqrotexservic» Bazasının direktoru Xanlar Abbasov və başqaları çıxış edərək, 2007-ci təsərrüfat ilində bölgədə kənd təsərrüfatı məhsullarının istehsalı, taxıl məhsullarının qalığı, payızlıq taxıl əkini və toxuma olan tələbat barədə danışmış, 2008-ci ildə ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının istehsalını təmin etmək üçün torpaqların hazırlanması, əkin zamanı yüksək keyfiyyətli toxumlardan istifadə edilməsi, becərmə və məhsul yığımı gedişində aqrotexniki tədbirlərin vaxtında görülməsinin zəruriliyini vurğulamış, ölkəmizdə aqrar bölmənin inkişafına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Həmin gün Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayev Tərəvəzçilik İnstitutunun Zona Təcrübə Stansiyasının, Bağçılıq İnstitutunun çayçılıq təsərrüfatlarının və Lənkəran Regional Elm Mərkəzinin işçiləri ilə görüşmüş, mərkəzin çəltik əkini sahələri ilə tanış olmuşdur.