DÜNYA


KİV: Böyük Britaniya hökumətində Tereza Meyin cəmi iki tərəfdarı qalıb

Bakı, 11 mart, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Tereza Mey hökumət üzvlərinin əksəriyyətinin dəstəyindən məhrum olub.

AZƏRTAC “Daily Telegraph” nəşrinə istinadla xəbər verir ki, bunu Britaniyanın Nazirlər Kabinetində olan mənbə deyib. “Nazirlər Kabinetində Tereza Meyi dəstəkləyən cəmi iki nazir qalıb. Qalanları isə onun rəhbərlik qabiliyyətinə inamını itirib”, - deyə qəzetin həmsöhbəti bildirib.

Bir qədər əvvəl Britaniyanın Baş naziri 2022-ci ildə keçiriləcək ümumi seçkilərdə iştirak etməyəcəyini bildirmişdi. Lakin Brexit vaxtında reallaşdırılmasa, xələfinin Brüsselə yeni danışıqlar mərhələsi keçirə bilməsi üçün hökumət Tereza Meyə 2019-cu ilin iyulundan gec olmayaraq istefaya getməyi təklif edə bilər.

Brexit prosesinin reallaşdırılması üzrə nəzərdə tutulan müddət martın 29-da bitsə də, London və Brüssel indiyədək Britaniyanın Avropa İttifaqından çıxması şərtlərinə dair razılaşmaya nail olmayıb. Martın 12-də Böyük Britaniya parlamentində Meyin təklif etdiyi Brexit planı üzrə yenidən səsvermə keçiriləcək. Lakin parlament üzvlərinin Brüssellə sövdələşməni növbəti dəfə rədd edəcəyi gözlənilir.

Daha bir iflasın baş verəcəyi təqdirdə parlament martın 13-də leyboristlər tərəfindən irəli sürülən etimadsızlıq votumunu yenidən səsə qoyacaq.

Xatırladaq ki, 2016-cı ilin iyununda keçirilən referendumun gedişində Böyük Britaniya vətəndaşlarının 51,9 faizi ölkənin Avropa ittifaqının tərkibindən çıxmasına səs vermişdi. Lakin noyabr ayının ortalarında Sky News telekanalının keçirdiyi sorğunun nəticələrinə əsasən britaniyalıların 54 faizi Böyük Britaniyanın Aİ-də qalmasını istədiyini bildirmişdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.