İQTİSADİYYAT
KİV: Rusiya və bəzi ölkələr “OPEC+” üzrə mövcud hasilat məhdudiyyətlərinin 1 ay uzadılmasının tərəfdarıdır
Bakı, 2 iyun, AZƏRTAC
Rusiya və bəzi digər neft istehsalçısı ölkələr “OPEC+” üzrə mövcud hasilat məhdudiyyətlərinin 1 ay uzadılmasının tərəfdarıdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Rusiya və bəzi “OPEC+” koalisiya ölkələri iyul ayından planlaşdırıldığı kimi hasilat məhdudiyyətlərini azaltmaq əvəzinə mövcud istehsal məhdudiyyətlərini daha bir ay uzatmağın tərəfdarıdır.
KİV-lərə görə, OPEC istehsal məhdudiyyətlərinin qısa bir müddətə uzadılmasını qiymətləndirir. Buna görə də, OPEC planlaşdırılan tarixdən bir neçə gün əvvəl - iyunun 4-də iclas keçirə bilər. OPEC və digər qeyri-OPEC neft istehsalçıları mövcud məhdudiyyətlərin 1 və ya 3 aya qədər uzadılmasını düşünür.
Qeyd edək ki, iyunun 9-da OPEC Nazirlər Şurasının 179-cu iclasının videokonfrans formatında təşkili, iyunun 10-da isə OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin videokonfransla 11-ci görüşünün keçirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin bu il aprelin 9-u və 12-də keçirilən görüşlərinin nəticəsi olaraq qəbul edilmiş və gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, iyul-dekabrda 7,7 milyon barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 milyon barrel azaldılmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi”nə Azərbaycan da qoşulub.
2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barrel olan Azərbaycan yeni razılaşma çərçivəsində hasilatı bu ilin may-iyun aylarında həmin səviyyədən 164 min barrel azaltmalıdır. Bu müddət ərzində Azərbaycan gündəlik xam neft hasilatını 554 min barrel həcmində saxlamalıdır.
Azərbaycanın öhdəlikləri iyul-dekabr aylarında 131 min barrel, 2021-ci il və 2022-ci ilin aprel ayı ərzində isə 98 min barrel müəyyənləşib. Kvotalara müvafiq olaraq ölkəmizdə gündəlik xam neft hasilatının həcmi iyulun 1-dən ilin sonunadək 587 min barreli, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 620 min barreli keçməməlidir.
Mayın 1-dən etibarən “Azəri-Çıraq-Dərinsulu Günəşli” yataqlarında, “Azneft” İB, Birgə Müəssisələr və Əməliyyat Şirkətləri üzrə gündəlik hasilatın azaldılması prosesi həyata keçirilir.