İDMAN
KİV-lər: Mourinyo Dortmundun “Borussiya” komandasına rəhbərlik edə bilər
Bakı, 23 oktyabr, AZƏRTAC
Portuqaliyalı mütəxəssis Joze Mourinyo Dortmundun “Borussiya” futbol klubu ilə danışıqlar aparır. Bu barədə “qazeta.ru” Almaniyanın “Sport Bild” nəşrinə istinadla bildirir.
Nəşrin məlumatına görə, alman klubunun hazırda İngiltərə televiziyasında ekspert kimi çalışan 56 yaşlı mütəxəssisə marağı isveçrəli Lüsyen Favrın rəhbərliyi altında komandanın əldə etdiyi qeyri-sabit nəticələrlə bağlıdır.
Bildirilir ki, Mourinyo təyinata razıdır və artıq alman dilini öyrənməyə başlayıb.
AZƏRTAC xəbər verir ki, 8 turdan sonra aktivində 15 xal olan “Borussiya” Almaniya çempionatının turnir cədvəlində dördüncü sıradadır. Almaniya çempionatının lideri 16 xal toplamış Mönxenqladbaxın “Borussiya” komandasıdır. Çempionlar Liqasında iki turdan sonra “F” qrupunda “Borussiya” 4 xal, İspaniyanın “Barselona” komandası da eyni xal, İtaliyanın “İnter” və Çexiyanın “Slavii” (Praqa) komandaları isə hərəyə 1 xal qazanıblar. Üçüncü turda “Borussiya” səfərdə “İnter”lə görüşəcək. Oyun bu gün keçiriləcək.
Joze Mourinyo “Mançester Yunayted”dən 2018-ci ilin dekabrında ayrılıb. Komanda onun rəhbərliyi altında Avropa Liqasının (2017) və İngiltərə Superkubokunun (2016) qalibi olub. O, məşqçi karyerası ərzində, həmçinin Portuqaliyanın “Portu”, İtaliyanın “İnter”, İngiltərənin “Çelsi” və İspaniyanın “Real” komandalarına rəhbərlik edib. Tanınmış məşqçi Çempionlar Liqasının ikiqat qalibi, Portuqaliyanın ikiqat çempionu, İngiltərənin üçqat çempionu, İtaliyanın ikiqat çempionu və İspaniya çempionu titullarına sahib olub. 2017-ci ilin əvvəllərində UEFA Mourinyonun adını Avropa futboluna daha çox töhfə verən 10 ən tanınmış məşqçi siyahısına daxil edib.