SİYASƏT
KİV sahəsində məsuliyyətin artırılması daha vacibdir
Bakı, 16 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Azərbaycan haqqında dünyada bir çox KİV-lərdə müsbət məlumatlarla yanaşı, mənfi xarakterli, qərəzli məlumatlar da yayılır. Azərbaycan jurnalistikasından, mətbuatından tələb olunan odur ki, Azərbaycanın maraqlarını məhz ölkədən kənarda, həmin informasiyaların getdiyi qurumlarda qoruma imkanlarından yararlansınlar, bu istiqamətdə ixtisaslaşsınlar. Təkcə Azərbaycan daxilində bu və ya digər qruplararası, maraqlararası vasitəçiyə çevrilməsinlər və Azərbaycanın maraqlarını xarici mətbuat səhifələrində qorusunlar, öz imzalarını tanıtsınlar. Bu, daha vacibdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin dekabrın 16-da keçirilən plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” Qanunda bəzi dəyişikliklərin müzakirəsi zamanı səsləndirib.
Bahar Muradova deyib: “Parlamentdə nə vaxt məsuliyyətin artırılması, ciddiləşməsi, bu və ya digər məsələlərə görə cavabdehliyin daşınması məsələsi gündəmə gətirildikdə müdafiəçilər meydana çıxır və başlayırlar bizi mürtəce addımlar atmaqda ittiham etməyə. Nə üçün biz məsuliyyət hissinin artırılmasından qaçmalıyıq? Ümumiyyətlə, niyə biz cinayətimizə, xətamıza görə məsuliyyət daşımaq istəmirik? İnsan təkcə hüquq yox, həm də vəzifə sahibidir. İstənilən hüquqi cəza mexanizmi təkcə cəza mexanizmi deyil, eləcə də xəbərdaredici, çəkindirici funksiya daşıyır. KİV sahəsində məsuliyyətin artırılması digər sahələrə nisbətən daha vacibdir. Çünki bir söz bütün cəmiyyəti yerindən oynada bilir. Eyni zamanda, bir söz ordunu döyüşə ruhlandıra bilər. Biz söz həm də kütləni tamamilə ruhdan sala bilər. Ona görə də hər sözün məsuliyyətini daşımaq hər bir fərdin mənəvi və hüquqi borcudur. Bu məsuliyyətin ciddiləşməsindən heç də çəkinmək lazım deyil”.
“Cəzalar o şəxslərə, o orqanlara tətbiq olunacaq ki, onlar qanunda nəzərdə tutulan müddəaları pozmuş olacaqlar”, - deyən Milli Məclis sədrinin müavini vurğulayıb ki, digərlərinin narahatlığına heç bir əsas yoxdur. Qanunun tələblərini pozmayanlara cəza tətbiq olunmur, olunmayacaq.
Bahar Muradova qeyd edib ki, hər kəs ona tətbiq olunan cəzadan nəticə çıxarmalıdır. Bunu təkrar etməməlidir. Əgər nəticə çıxarmayıb buna daha artıq yol verirsə, ona cəmiyyətdə yeri göstərilməlidir. Biz hüquqi cəmiyyət qururuq, qanunun aliliyi prinsipini qorumağa çalışırıq. Dövlətimizin milli mənəvi dəyərlərini, maraqlarını ayaqlar altına atan insanların maraqları müdafiə edilməməlidir.
Milli Məclis sədrinin müavini diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər həqiqi mənada məsuliyyətin daha da ciddiləşməsi, konturların daha aydın olması və cəmiyyətdə qanunun aliliyi prinsipinin daha ciddi tətbiqinə aparan yollar açır. Ona görə də kənar maliyyələrlə Azərbaycan daxilindəki mövcud durumu mənfi istiqamətə yönəltmək istəyən şəxslərin, o şəxslərin cəmləşdiyi qurumların məsuliyyətləri ciddi olmalıdır. Odur ki, dəyişikliklər mütərəqqidir və mütləq şəkildə qəbul edilməlidir.