REGİONLAR
KİYEVDƏ MDB ÖLKƏLƏRİ BAYTARLIQ İDARƏLƏRİ RƏHBƏRLƏRİNİN TOPLANTISI KEÇİRİLƏCƏKDİR
Oktyabrın 30-da MDB ölkələri baytarlıq idarələrinin rəhbərləri Kiyevdə toplaşacaqlar.
Kənd Təsərrüfatı Nazirliyinin baytarlıq idarəsindən bildirmişlər ki, toplantıda respublikamızı idarənin rəisi Ramiz Səfərov təmsil edəcəkdir.
Tədbirdə MDB dövlətləri ərazisində qara yara, dabaq və digər xəstəliklərin yayılmasının qarşısının birgə alınması, kütləvi peyvəndləmə, informasiya mübadiləsi və vahid informasiya mərkəzinin yaradılması məsələləri müzakirə olunacaqdır.
Ramiz Səfərov, həmçinin Ukraynanın paytaxtında keçiriləcək Beynəlxalq Epizootiya Bürosunun MDB dövlətlərində, xüsusən Cənubi Qafqaz ölkələrində epizootik vəziyyətin və digər məsələlərin müzakirə olunacağı yığıncağında da iştirak edəcəkdir.