ELM VƏ TƏHSİL
KÖÇKÜN UŞAQLAR ÜÇÜN DƏ İLK ZƏNG SƏSLƏNDİ
Taleyin hökmü ilə məcburi köçkün olub, respublikanın 47 rayonunda məskunlaşmış Qubadlı rayonu sakinlərinin uşaqları üçün də sentyabrın 1-də, “Bilik günü” ilk zəng səsləndi. Rayonun 6 min şagirdi, o cümlədən 661 birinci sinif şagirdi 41 orta məktəbdə təhsil alacaq, onlara 850 müəllim dərs deyəcəkdir.
Təhsil naziri Misir Mərdanov müəllimlərin bu günlərdə keçirilmiş avqust müşavirəsində çıxış edərək, qəbul imtahanlarında yüksək nəticələr qazanan və digər rayonlardan olan məcburi köçkün yaşıdlarından öz göstəriciləri ilə seçilən Qubadlı məktəblilərinin təhsil səviyyəsini yüksək qiymətləndirmişdir.
“Bilik günü” münasibətilə keçirilmiş tədbirlərdə məktəb rəhbərləri, rayon icra hakimiyyətinin nümayəndələri, valideynlər çıxış edərək, daimi qayğı və diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.