DÜNYA
KORSİKADA PARTLAYIŞLAR TÖRƏDİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Korsika millətçiləri Fransada prezident seçkiləri ərəfəsində bu tarixi hadisəyə münasibətlərini adada silsilə partlayışlar törətməklə bildirmişlər.
İlk terror aktı bazar gününə keçən gecə adanın Roqlion yaşayış məntəqəsində Fransa Telekom şirkətinin ofisi qarşısında törədilmişdir. Güclü partlayış binaya böyük ziyan vurmuşdur.
Digər iki terror aktı nəticəsində Bastiyada iki inzibati binaya xeyli zərər dəymiş, yoldan ötən bir nəfər isə yüngül xəsarət almışdır.
Bu hadisələrdən bir gün əvvəl, aprelin 22-də Korsikanın cənubundakı Koro şəhərinin polis binası naməlum şəxslər tərəfindən atəşə tutulmuş, nümayişçilər isə polis işçilərinə daş, dəmir və şüşə parçaları tullamışlar. Müxtəlif dərəcədə bədən xəsarəti almış beş polis nəfəri xəstəxanaya yerləşdirilmişdir.
Partlayış törətməkdə şübhəli bilinən üç nəfər həbs edilmişdir.