DÜNYA
Kaliforniyada meşə yanğınları səbəbindən fövqəladə vəziyyət rejimi elan olunub
Bakı, 10 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp meşə yanğınlarının sürətlə yayılması səbəbindən Kaliforniya ştatında fövqəladə vəziyyət rejimi elan edib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ABŞ Prezidenti ştata federal yardım ayrılması barədə göstəriş verib. Son məlumata görə, “Campfire” adını almış yanğın nəticəsində 9 nəfər həlak olub. Təbii fəlakətdən daha çox zərər çəkən Paradays şəhərinin bütün əhalisi təxliyə edilib.
Kaliforniya ştatında “Campfire” meşə yanğını noyabrın 8-dən etibarən sürətlə yayılmağa başlayıb. Hazırda yanğının sahəsi 36 min hektara qədər artıb. Alov demək olar ki, 7 min tikilini, əsasən də yaşayış binalarını məhv edib, 250 min insan öz evlərini tərk etmək məcburiyyətində qalıb.
Həmçinin San-Fransisko və Los-Anceles yaxınlığında da bir neçə meşə yanğını qeydə alınıb.
Qeyd edək ki, “Campfire” Kaliforniya tarixinə ən dağıdıcı yanğın kimi düşüb. Bundan öncəki ən iri təbiət yanğını 2017-ci ilin oktyabr ayında ştatın şimalında tüğyan edən “Tubbs” sayılırdı. O vaxt 15 min hektar əraziyə yayılan yanğın 5,5 min tikilini məhv etmişdi.