REGİONLAR
“Karvan-L” EKO Sənaye Parkında müasir istixana kompleksi də fəaliyyət göstərir VİDEO
Ağstafa, 16 fevral, Famil Quliyev, AZƏRTAC
“Karvan-L” EKO Sənaye Parkında inşaat materialları müəssisələri ilə yanaşı, müasir istixana kompleksi də fəaliyyət göstərir. İstixanalardan yığılan məhsullar yerli və xarici bazarlara çıxarılır. Sənaye parkında meyvə bağları da salınıb.
Sənaye parkının icraçı direktoru Zaur Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, hazırda parkda üzlük daş, tullantıların təkrar emalı, dəmir və tornaçı, plastik qapı-pəncərə və polietilen boru müəssisələrində məhsul istehsal edilir. İstehsal olunan məhsullar əsasən daxili tələbatın ödənilməsinə yönəldilir.
Rayonun Tatlı kəndində yerləşən mədəndən təbii daşlar xüsusi qurğularla kəsilərək blok halına salınır və müəssisəyə gətirilir. Blok halına salınmış təbii daşlardan mozaik daşlar hazırlanır. Dəmir və tornaçı müəssisəsində dam örtüklərinin istehsalında İngiltərənin “Corus-Tata Steel” şirkətinin məhsulu olan metaldan istifadə edilir. Burada istehsal olunan dam örtüklərinə 25 il zəmanət verilir.
Zaur Hüseynov qeyd edib ki, plastik qapı-pəncərə və şüşə-metal konstruksiya istehsalı sahəsində müxtəlif ölçüdə və müxtəlif rəngdə qapı-pəncərələr, eyni zamanda, paket şüşələr istehsal olunur. Tullantıların təkrar emalı müəssisəsində isə polietilen tullantı xammal xüsusi qurğulardan keçərək yuyulur, doğranır və yenidən emala verilir.
Sənaye parkında iki hektar ərazidə müasir istixana kompleksi də fəaliyyət göstərir. İstixanada istehsal olunan xiyar və pomidor məhsulları yerli və xarici bazarlarda satılır. Gələcəkdə istixana ərazisinin daha üç hektar genişləndirilməsi planlaşdırılır. Burada, həmçinin 30 hektarlıq meyvə bağı salınıb. Bağlarda alma, fındıq, xurma və digər meyvə ağacları əkilib. Eyni zamanda, balıqçılığı inkişaf etdirmək üçün 2 hektar süni göl yaradılıb. Göldə yetişdirilən sazan, belamor balıq növləri bazarlara çıxarılır.
Hazırda sənaye parkında keramika və kərpic zavodunun, sərgi və satış mərkəzinin və mehmanxananın tikintisi davam edir.
“Karvan-L” EKO Sənaye Parkı rayonda işsizliyin aradan qaldırılması istiqamətində də əhəmiyyətli rol oynayır. Belə ki, hazırda parkda 77-si daimi olmaqla, 150-dən çox işçi çalışır. İşçilər nəqliyyat vasitələri və yeməklə təmin olunurlar.
Qeyd edək ki, “Karvan-L” EKO Sənaye Parkı 2016-cı il oktyabrın 19-da Prezident İlham Əliyevin iştirakı ilə açılıb.