ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu alimlərinin məqaləsi beynəlxalq jurnalda dərc edilib
Bakı, 14 sentyabr, AZƏRTAC
AMEA-nın vitse-prezidenti, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru akademik Dilqəm Tağıyev, müəssisənin əməkdaşları - aparıcı elmi işçilər Ülviyyə Məmmədova, Mirsəlim Əsədov, elmi işçilər Aygün İsazadə, Nizami Zeynalov, böyük elmi işçi Ofeliya Bədəlova və aparıcı elmi işçi Şahin Bağırovun “İmmobillizə olunmuş manqan tərkibli polimer katalizatoru iştirakında N-heksanın katalitik oksidləşməsi” (Catalytic oxidation of n-hexane on immobilized manganese-containing polymer catalyst) məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq bazalarına daxil olan “Chemical Technology and Metallurgy” jurnalında yer alıb.
Bu barədə AZƏRTAC-a Kataliz və Qeyri-üzvi Kimya İnstitutundan məlumat verilib. Bildirilib ki, məqalədə daşıyıcı olaraq istifadə edilən, kvaternizə olunmuş tikilmiş və tikilməmiş poli-4-vinilpiridinə (P4VP) immobilizə olunmuş manqan kompleksindən ibarət yeni katalizatorların əldə edilməsindən danışılır. Bu katalizatorların iştirakı ilə normal alkanların oksidləşməsi prosesi daha yumşaq şəraitdə aparılır və geniş tətbiq sahəsinə malik, o cümlədən spirtlər, aldehidlər, ketonlar və s. kimi sənaye əhəmiyyətli məhsulların alınması mümkündür.