ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutu magistrantlarının ilk dərsləri onlayn tədris olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
Koronavirus pandemiyası ilə əlaqədar respublikada elan olunmuş karantin dövrünün tələblərinə uyğun olaraq Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda təhsil alan magistrantların yeni tədris ilində dərsləri başlanıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu gün kimyəvi kinetika və kataliz, qeyri-üzvi kimya ixtisasları üzrə təhsil alan II kurs magistrantlara tədris planlarında nəzərdə tutulan yüksəkmolekullu birləşmələr kimyası və keçid elementlərinin kimyası fənlərindən dərslər onlayn rejimdə tədris olunub. Tədris prosesi elmi müəssisənin professor-müəllim heyəti tərəfindən aparılıb.
Qeyd edək ki, mövcud təlimat və qaydalara görə, ilkin mərhələdə mühazirə və seminar dərsləri onlayn təşkil olunacaq. Oktyabrın 1-dən isə magistrantların elmi tədqiqatlara cəlb olunması və təcrübi işlərin aparılması üçün laboratoriya dərslərinin oflayn, yəni laboratoriya şəraitində keçirilməsi nəzərdə tutulur.