ELM VƏ TƏHSİL
Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda II kurs magistrantlar dissertasiya işlərini müdafiə ediblər
Bakı, 28 iyun, AZƏRTAC
AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda magistrlik dissertasiyalarının müdafiəsi üçün ixtisaslaşdırılmış Müdafiə Şurasının iclasında II kurs magistrantlarının dissertasiyalarının müdafiəsi keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
AMEA-nın müxbir üzvü Məhəmməd Babanlının sədrliyi ilə keçirilən iclasda kimyəvi kinetika və kataliz, qeyri-üzvi kimya, fiziki kimya və yüksəkmolekullu birləşmələr kimyası ixtisaslaşmaları üzrə ümumilikdə 7 nəfər dissertasiya işini müdafiə edib.
2022-ci tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrini uğurla başa vuran II kurs magistrantları dissertasiya mövzuları üzrə məruzə ilə çıxış edərək əldə etdikləri elmi nəticələri Şura üzvlərinin diqqətinə çatdırıblar və sualları cavablandırıblar. Məruzələr ətrafında geniş müzakirələr aparılıb. Elmi-tədqiqat işlərinin nəticələri, ümumilikdə 9 məqalə və 19 tezis şəklində dərc olunub.
Sonda magistrantların hər birinə müvafiq ixtisaslar üzrə magistr elmi dərəcəsinin verilməsi haqqında qərar qəbul edilib. 4 ixtisaslaşma üzrə 7 magistrdən 6-sı yüksək bal toplayaraq fərqlənmə diplomuna layiq görülüb.