REGİONLAR
Keçid balını toplamış namizədlər müsabiqənin esse mərhələsində iştirak edib
Naxçıvan, 7 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün 2018-ci il noyabrın 5-də elan edilmiş müsabiqənin esse mərhələsi başa çatıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə çıxarılmış 7 vakant vəzifənin tutulması üçün 26 namizəd test imtahanı verib, 7 nəfər uğur qazanıb. Keçid balını toplamış 7 namizəd esse mərhələsində iştirak edib. Əvvəlcə iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıb, esse yazmaq üçün onlara 60 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb.
İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Şərqin qapısı Naxçıvan” mövzusu təqdim edilib.
İmtahanın nəticələri komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.