İQTİSADİYYAT
Kənd Təsərrüfatı Nazirliyi Çin bazarının Azərbaycan fermerləri üçün daha əlçatan olmasına çalışır VİDEO
Şanxay, 6 noyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan fermerləri tərəfindən yetişdirilən və istehsal olunan məhsulların Çin bazarına çıxışını təşviq və təşkil etmək istiqamətində iş aparır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şanxay şəhərində davam edən II Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində keçirilən “Bir kəmər, bir yol” eko-kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi mövzusunda forumda Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov deyib.
E.Zeynalov forumda çıxışı zamanı Azərbaycan hökumətinin kənd təsərrüfatı sahəsinin inkişafı istiqamətindəki siyasətindən, həyata keçirilən islahatlardan danışıb. Bildirib ki, ölkəmizdə aqrar sahənin modernləşdirilməsi, müasir texnologiyaların, innovasiyaların tətbiqi sahəsində sektorun inkişafına nail olmaq yolunda əhəmiyyətli iş aparılır. Aqrar sahənin yerli və xarici sahibkarlar üçün cəlbediciliyini təmin etmək məqsədilə bir çox güzəşt və imtiyazlar, o cümlədən subsidiyaların verilməsi, vergilərdən azadetmə və s. təklif olunur.
Son 10 ildə Azərbaycanda kənd təsərrüfatı sahəsində istehsalın 2,4 dəfə artdığını diqqətə çatdıran nazir müavini bu sektorun ölkəmizin qeyri-neft ixracında əhəmiyyətli paya malik olduğunu deyib. Bildirib ki, ötən il Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə ixracı 11 faiz artıb.
Diqqətə çatdırılıb ki, Azərbaycanın kənd təsərrüfatı sektorunda yetişdirilən və istehsal olunan məhsullar öz keyfiyyəti ilə dünya bazarında rəqabətə davamlıdır. Hökumət Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyasını genişləndirmək, fermerlər üçün yeni bazarlara, o cümlədən Çin bazarına çıxışı əlçatan etmək istiqamətində ciddi iş aparır.
Forumda “Bir kəmər, bir yol” kənd təsərrüfatı və ərzaq ticarəti informasiya platformasının ikinci versiyasının təqdimatı olub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Şanxay