REGİONLAR
Kənd Təsərrüfatı Nazirliyində pambıq əkininə hazırlıq işləri və qarşıda duran vəzifələr müzakirə olunub
Bakı, 13 mart, AZƏRTAC
Martın 13-də Kənd Təsərrüfatı Nazirliyində “2018-ci ildə pambıq əkininə hazırlıq işlərinin təşkili və qarşıda duran vəzifələr”ə həsr olunmuş tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən nazir Heydər Əsədov cari ildə pambıq əkilən rayonlar üzrə nazirliyin məsul işçilərindən ibarət təhkimçilərin müəyyən edilməsindən və onların qarşısında duran vəzifələrdən söz açıb. Təhkimçilərə rayonlar üzrə pambıq əkini üçün yerlərdə mövcud vəziyyətin araşdırılması, pay torpaqlarına üstünlük verməklə əkinəyararlı, su təminatı olan sahələrin müəyyənləşdirilməsi, toxum, gübrə, pestisid və texnikaya olan tələbatın və təminatın dəqiqləşdirilməsi, sahələrdə şumun və aratın aparılmasının yekunlaşdırılması, səpinqabağı becərmə işlərinə başlanılması və digər məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verib.
Eyni zamanda, yerlərdə pambıq əkinləri ilə bağlı yarana biləcək problemlərin (texnika, toxum, gübrə, pestisid və s.) operativ həll olunması məqsədilə “Aqrolizinq” ASC, o cümlədən nazirliyin müvafiq şöbələri və qurumaları qarşısında da konkret vəzifələr qoyulub.
Tədbirdə, həmçinin Aqrar Elm, İnformasiya, Məsləhət Mərkəzinin, elmi-tədqiqat institutlarının və nazirliyin yerli qurumlarının nümayəndələrinin birgə iştirakı ilə davamlı olaraq bölgələrdə pambıqçılığın elmi əsaslarla inkişaf etdirilməsi, gübrələrdən, pestisitlərdən düzgün istifadə olunması qaydaları barədə seminarların keçirilməsinin təşkili və digər məsələlər müzakirə olunub.
Sonda rayonlar üzrə təhkim olunmuş məsul işçilərin məlumatları dinlənilib.