DÜNYA
Kəskin hava şəraiti Avstriyanın yollarında nəqliyyatın hərəkətini iflic edib
Vyana, 5 yanvar, AZƏRTAC
Avstriyada yağan güclü qar ölkənin Alp regionlarında xaos yaradıb və bir sıra bölgələrdə nəqliyyatın hərəkətini iflic edib.
AZƏRTAC xəbər verir ki, aramsız yağan qar dağlıq ərazilərdə qar uçqunu təhlükəsini artırıb, avtomobil magistrallarında qəzaların sayı artıb, eyni zamanda, hava limanlarında pis hava şəraiti ilə bağlı çoxlu sayda reyslər təxirə salınıb. Vyana şəhərinin ətrafında əsas yolları birləşdirən A21 avtomagistralı isə yanvarın 5-də səhər saatlarında hər iki istiqamətdə bağlanıb. Avstriya Teleradiosunun verdiyi məlumata görə, qış üçün hazırlıqlı olmayan yük maşınları avtomagistralın bağlanmasına səbəb olub. Buz bağlamış yolda hərəkət edə bilməyən maşınlar, eyni zamanda, yolları təmizləmək üçün xəttə çıxan maşınların hərəkətini də çətinləşdirib.
Alp dağlarının dəniz səviyyəsindən 1400 metrdən yüksək ərazilərində isə qar uçqunu təhlükəsi ilə bağlı 4-cü dərəcəli xəbərdarlıq elan edilib. Ekspertlər turistlərə diqqətli olmağı, xizəksürmə mərkəzlərində sürüşmə zolaqlarını tərk etməməyi tövsiyə ediblər.
Gün ərzində yağan qarın həcminin artması ölkənin Tirol və Zaltsburq əyalətlərində vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Həmçinin Milad tətilinin başa çatması ilə əlaqədar bu həftəsonu dağlıq ərazilərdən geri qayıdan turistlərin avtomobil yollarında tıxaclar yaradacağı gözlənilir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana