CƏMİYYƏT
Kiçikhəcmli gəmilərin sürücülərinə təhlükəsizlik qaydaları izah edilib
Bakı, 10 sentyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti nazirliyin Muğan Regional Mərkəzinin əməkdaşları ilə birgə sentyabrın 10-da maarifləndirmə tədbiri keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, Neftçala rayonunun Həsənabad kəndində “Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən tədbirdə kiçikhəcmli gəmilərin istifadəçilərinə bu tip gəmilərin təchizat avadanlığı barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda, kiçikhəcmli gəmilərin sürücüləri kollektiv və fərdi xilasedici vasitələrdən istifadə qaydaları ilə bağlı da maarifləndiriliblər.
Sonda gəmilərin istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlığı və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanıb.