İDMAN
Kişi tennisçilərin səkkizdəbir finala növbəti vəsiqəni Uqanda, Özbəkistan və Benin atletləri təmin ediblər
Bakı, 17 may, Elvin Camalov, AZƏRTAC
Mayın 16-da İslamiadanın tennis yarışlarının yeddinci günündə kişilər arasında fərdi mübarizənin səkkizdəbir final mərhələsinə daha üç vəsiqənin sahibi məlum olub.
AZƏRTAC xəbər verir ki, Uqanda təmsilçisi Dunkan Muqabe 1/16 final mərhələsində qələbə qazanaraq səkkizdəbir finala yüksəlib. Pakistanlı Aqil Xan ilə görüşdə ilk set uqandalı idmançının xeyrinə başa çatıb - 6:3. Növbəti setdə Pakistan atleti üstün olub - 2:6. Gərgin idman mübarizəsi şəraitində keçən üçüncü setdə 7:6 hesabı ilə qalib gələn D.Muqabe səkkizdəbir finala vəsiqəni təmin edib.
Digər görüşdə isə Özbəkistan tennisçisi Saidalo Səidkərimov Mozambik təmsilçisi Cossefa Simao Elias ilə üz-üzə gəlib. Qarşılaşmada qalib gələn (6:1, 6:0) Özbəkistan idmançısı növbəti mərhələyə adlayıb.
Səkkizdəbir final mərhələsinə yüksələn növbəti idmançı Benin təmsilçisi Maqloire Yakpa olub. O, səkkizdəbir finala vəsiqəni Qətər idmançısı Abdulla Alharras üzərində inamlı qələbə (6:3 və 6:2) qazanaraq təmin edib. M.Yakpa səkkizdəbir finalda uqandalı Dunkan Muqabe ilə görüşəcək.
Xatırladaq ki, fərdi yarışda ölkəmizi təmsil edən Rəsul Qocayev və Filip Nikoliç ötən gün məğlub olaraq mübarizəni dayandırıblar.