REGİONLAR
“Kitab qatarı” layihəsi çərçivəsində növbəti tədbir Astaranın Pensər kəndində keçirilib
Astara, 14 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı reallaşan “Kitab qatarı” layihəsi çərçivəsində növbəti tədbir rayonun Pensər kəndində keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Astaranın Pensər, Kakalos, Şiyəkəran və Çayoba kənd mədəniyyət və məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin Astara rayonu üzrə baş məsləhətçisi Şadoğlan Bayramov layihənin məqsəd və vəzifələri barədə tədbir iştirakçılarına məlumat verib.
Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov “Kitab qatarı” layihəsi çərçivəsində artıq ikinci tədbirin keçirildiyini qeyd edərək, hər bir insanın həyatda fəal mövqe qazanmasında kitabların rolundan danışıb.
Tədbirdə Pensər kənd ərazi icra nümayəndəsinin müavini Sevil Mehrəliyeva, bağça müdirləri İradə Nəsirova və Ofeliya Həsənova, Pensər kənd bələdiyyəsinin sədri Nərgiz Əhmədova, şair İlham İlhami, kənd folklor evinin əməkdaşı Bəsti Camalova, kitabxanaçı Nuridə Babayeva, həkim Şirvan İsayev, kənd ağsaqqalı Abid Qəribov və başqaları çıxış ediblər.
Çıxışlarda ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından, bilik mənbəyi olan kitabın əhəmiyyətindən, onun insan şüuruna, cəmiyyətin tərəqqisinə müsbət təsirindən söz açılıb.
“Kitab qatarı” layihəsi çərçivəsində Pensər kəndində keçirilmiş tədbirdə Prezident İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” Sərəncamına əsasən nəşr olunmuş kitablar, “Xalqımızın xilaskar oğlu”, “Vətənpərvərlik müqəddəs hissdir”, “Astara yazarları”, “Bura Vətəndir”, “Göydən üç alma düşdü”, “Nağıl, sehir dolu dünyam mənim” başlıqları altında 1000-ə yaxın maraqlı kitablar sərgilənib.
Layihə çərçivəsində keçirilmiş meydan tədbirində fəal iştirak edənlərə fəxri fərmanlar verilib.