CƏMİYYƏT
Kitabxanada narkomaniyaya həsr olunmuş dəyirmi masa təşkil edilib
Bakı, 17 may, AZƏRTAC
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Narkomaniya, dünyanın ən böyük bəlası” adlı dəyirmi masa keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri kitabxananın direktoru Oruc Quliyev açaraq narkomaniya və narkobiznesin müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəb və faciəvi nəticələrə gətirib çıxaran bəla olmasından danışıb. Qeyd edib ki, ümummilli lider Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edib.
Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva bildirib ki, hazırda bütün dünyanı ciddi şəkildə narahat edən narkomaniya ağrılı bir problem olmaqla yanaşı, əhatə dairəsini getdikcə genişləndirərək ümumbəşəri bəlaya çevrilib.
Anonim Narkoloji Müalicə-Məsləhət Kabinetinin həkim-narkoloqu Asif Kəngərli narkomaniyada hər şeyin sadədən mürəkkəbə doğru irəliləməsindən, yəni bu vasitələri qəbul edənlərin bədənin tələbi ilə dozanı artıra-artıra məhvə doğru getmələrindən çox dəqiq faktlarla çıxış edib. Sonra “Alkoqol - sağlamlığın və sağlam həyat tərzinin düşməni”, “Bir ömür hekayəsi”, “Tütünçəkmə barədə hər şey”, Azərbaycan və rus dillərində çap olunan “Bəla”, “Beda” kitablarını, həmçinin “Bəla” əsərinin audiodiskini kitabxanaya hədiyyə edib və çoxsaylı sualları cavablandırıb.
Tədbirdə, həmçinin həkim-narkoloq Asif Kəngərlinin narkomaniya, onun törətdiyi acı fəsadlara həsr olunmuş “Bəla” əsəri əsasında çəkilmiş film nümayiş edilib.
Sonda “Gəncliyimizi narkotikdən qoruyaq” adlı kitab sərgisinə baxış keçirilib.