CƏMİYYƏT
Komitə rəsmisi: Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır
Bakı, 24 iyun, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin Ukraynaya səfəri çərçivəsində Kiyevdə fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Radasının ofisində bu ölkədə yaşayan fəal azərbaycanlı gənclərlə görüş keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan-Ukrayna münasibətləri, diaspor hərəkatında gənclərin rolu və Vətənə verə biləcəkləri töhfələr barədə danışılıb, müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.
Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək deyib ki, Azərbaycan dövləti bütün dövrlərdə gənclərə, onların problemlərinə həssas və diqqətlə yanaşıb. Gənclər siyasəti dövlət siyasətinin mühüm və ayrılmaz tərkib hissəsidir, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində kifayət qədər fəaldır.
Görüş zamanı gənclər istər İkinci Qarabağ müharibəsi dövründə, istərsə də ondan sonrakı vaxtlarda hər zaman Vətənə bağlılığını ifadə edərək, daim Azərbaycana müxtəlif formalarda dəstək göstərdiklərini qeyd ediblər. Bildiriblər ki, bundan sonra da Azərbaycanla bağlı həqiqətləri, milli və dövlətçilik maraqlarını yaşadıqları ölkələrdə və bütün dünyada təbliğ edəcəklər.
Sonda gənclərin gələcək fəaliyyətləri və vətənpərvərliklə bağlı müzakirələr aparılıb.