CƏMİYYƏT
Konstitusiyamız xalqımızın milli mənəvi dəyərlərə əsaslanaraq seçdiyi yolun ifadəsidir
Bakı, 10 noyabr, AZƏRTAC
Noyabrın 10-da Turizm və Menecment Universitetində bu ali təhsil müəssisəsinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə 12 noyabr - Konstitusiya Gününə həsr olunan konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə universitetin rektoru Cəfər Cəfərov ilk Konstitusiyamızın Azərbaycanın dövlətçilik ənənələrinin formalaşmasında əvəzsiz rolundan danışıb. Bildirilib ki, ilk Konstitusiyamız gənc və müstəqil dövlətimizin demokratik və hüquqi cəmiyyət qurmaq məramında olduğunu göstərir. Konstitusiyamız xalqımızın dünyəvi, milli mənəvi dəyərləri rəhbər tutaraq seçdiyi yolun ifadəsidir.
Konstitusiya Məhkəməsinin şöbə müdiri Dürdanə Məmmədova və Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev bildiriblər ki, ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanan və ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamızın əsasını demokratik cəmiyyət qurmaq və insan hüquq və azadlıqlarının qorunması təşkil edir. Konstitusiyamız ölkəmizdə dövlətçiliyin inkişafı, hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olmasında mühüm rol oynayır. Konstitusiyamız ümumbəşəri ideyalara, ən qabaqcıl dünya təcrübəsinə əsaslanmaqla yanaşı, tarixi ənənələrimizi, Azərbaycan xalqının milli mənəvi dəyərlərini əks etdirir.