İDMAN
Könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb VİDEO
Bakı, 29 fevral, Səxavət Quliyev, Rafael Həsənov, AZƏRTAC
Bu ilin iyununda Azərbaycanda keçiriləcək “Formula-1” Avropa Qran-pri yarışlarının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN xidmət) ilə fevralın 29-da könüllü fəaliyyət sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı və möhkəmləndirilməsinə dair anlaşma memorandumu imzalayıb.
AZƏRTAC xəbər verir ki, memorandumu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin insan resursları şöbəsinin rəhbəri İrana Əhmədova və Dövlət Agentliyinin insan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev imzalayıblar.
BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai “Formula-1” üzrə Avropa Qran-pri yarışlarına hazırlığın plana uyğun getdiyini diqqətə çatdıraraq deyib: “Bu yarışlar futbol üzrə dünya çempionatı və Yay Olimpiya Oyunlarından sonra tamaşaçı baxımına görə üçüncü yerdədir. Qran-pri yarışlarını dünyanın 187 ölkəsində 500 milyondan çox insan seyr edir. Bakıda bu mötəbər yarış şəhər trekində keçiriləcək. Məhz Sinqapur, Monako və Melbrunda da yarış şəhər mərkəzində təşkil edilir”.
Nigar Arpadarai Avropa Qran-prisinin ölkəmiz üçün əhəmiyyətindən danışaraq bildirib ki, yarış Azərbaycanın turizm sektorunda canlanmaya səbəb olacaq: “Dünyanın bir çox ölkələrindən turistlərin gələcəyi gözlənilir. “Formula-1” azarkeşləri üçün Bakı Qran-prisi çox maraqlı olacaq. Turistlər üçün xüsusi əyləncə proqramı da nəzərdə tutulub. “Formula-1 Kəndi” əyləncəli proqramla bol bir məkan olacaq. Çalışacağıq ki, burada təkcə yarış deyil, həm də konsertlər və müsabiqələr də təşkil edilsin. Əsl festival ab-havası yaransın”.
İrana Əhmədova çıxış edərək “ASAN xidmət” ilə əməkdaşlığın Avropa Qran-prisinin keçirilməsinə böyük töhfə verəcəyini bildirib. Qeyd edib ki, “ASAN xidmət”in könüllüləri hər zaman öz intizamı, bacarıqları ilə seçilirlər və onlara tapşırılmış işləri yüksək səviyyədə yerinə yetirmək üçün əllərindən gələni edirlər. Məhz Avropa Qran-prisində belə könüllülərin iştirakı yarışın yüksək səviyyədə təşkil olunmasına rəvac verəcəkdir”.
Elvin Paşayev isə qeyd edib ki, “ASAN xidmət” ilə BŞH arasında bağlanan bu memorandum ölkədəki könüllülük hərəkatının daha geniş müstəvidə yayılmasına zəmin yaratmış olacaq. “ASAN” könüllülərinin bu önəmli yarışda könüllü kimi iştirakı onlarda mövcud bacarıqların daha da təkmilləşməsinə və beynəlxalq layihələr üzrə müxtəlif bacarıqların qazanılmasına şərait yaradacaq.
Qeyd edək ki, memorandumun şərtlərinə əsasən, bütün “ASAN xidmət” mərkəzlərində BŞH-nin “Könüllülük proqramı” və Avropa Qran-prisi ilə əlaqədar təbliğat işləri aparılacaq.