CƏMİYYƏT
Könüllü təşkilatlarının nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfər ediblər
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşəbbüsü, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Gənclər fondlarının dəstəyi ilə AKTİ-nin katibliyi, eləcə də ölkənin aparıcı könüllü təşkilatlarının rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfəri keçirilib.
AKTİ-dən AZƏRTAC-a bildiriblər ki, səfərin birinci günündə iştirakçılar Şəhidlər xiyabanını ziyarət edib, 44 günlük Vətən müharibəsində həyatını itirən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini və muzeyini ziyarət edib, Ulu Öndərin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Proqramın davamında Naxçıvan Gənclər Mərkəzində Azərbaycan Könüllü Təşkilatları İttifaqı və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu arasında könüllülük sahəsində əməkdaşlığın inkişafı, eləcə də gənclərin şəxsi və peşəkar inkişafı istiqamətində ortaq layihələrin həyata keçirilməsinə dair əməkdaşlıq memorandumu imzalanıb.
Sonra ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Azərbaycan könüllüləri arasında keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə respublika birinciliyinin qalibi olan Naxçıvan Muxtar Respublikası komandasının üzvlərinə sertifikatlar təqdim edilib. Müxtəlif könüllü təşkilatlarını təmsil edən nümayəndələr təmsil etdikləri qurumların fəaliyyət istiqamətləri, eləcə də könüllülərin iştirakı ilə həyata keçirilən layihələr haqqında gənclərə ətraflı məlumat verib, tövsiyələrini bölüşüblər.
Növbəti günlərdə səfərin iştirakçılarının Naxçıvan Dövlət Universitetinin tələbələri ilə görüşü keçirilib.
Tələbələrə ölkəmizdə sürətlə inkişaf edən könüllülük hərəkatı, könüllülük fəaliyyətinin əsas istiqamətləri, könüllü olmağın üstünlükləri, eləcə də bu fəaliyyətin gənclərin inkişafındakı müsbət rolu haqqında məlumat verilib.
Səfər iştirakçıların Naxçıvan Muxtar Respublikasının bir sıra görməli yerlərinə, eləcə də tarixi və memarlıq abidələrinə tanışlıq səfərləri ilə davam edib.