REGİONLAR
“Könüllülər Yurdu – Azərbaycan” layihəsinə Cocuq Mərcanlıdan start verilib VİDEO
Cəbrayıl, 10 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
“ASAN xidmət”, “ASAN Könüllüləri” Təşkilatı və Azərbaycan Gənclər Fondunun birgə tərəfdaşlığı ilə “Könüllülər Yurdu - Azərbaycan” layihəsinə start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində ilk tədbir oktyabrın 10-da Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gerçəkləşib. Açılış mərasimində çıxış edən “ASAN Könüllüləri” Təşkilatının sədri Səbinə Cabarova təşkilatın fəaliyyət istiqaməti haqqında danışıb. Bildirib ki, "ASAN Könüllüləri” Təşkilatı 6 ildir fəaliyyət göstərir. Ötən dövrdə müxtəlif istiqamətlərdə 600-dən çox layihə, 2 mindən artıq təlim həyata keçirilib. Təşkilatın gördüyü işlər gənclərin şəxsi inkişafına yönəlib. Belə layihələrdən biri də “Könüllülər Yurdu - Azərbaycan” layihəsidir.
Diqqətə çatdırılıb ki, “Könüllülər Yurdu - Azərbaycan” layihəsinin məqsədi region gəncləri arasında könüllülüyün təbliği, onların asudə vaxtlarını daha düzgün qiymətləndirmələri istiqamətində təbliğat, gənclərin fərdi və intellektual inkişafına təkan verilməsi, mövcud imkanlar barədə məlumatlandırılma, o cümlədən könüllülük hərəkatının ölkəmizdə daha geniş vüsət almasını stimullaşdırmaqdır.
Cari ilin oktyabr ayından növbəti ilin yanvar ayınadək həyata keçiriləcək layihə çərçivəsində Bərdə, Sumqayıt, Masallı, Bakı, Quba, Şamaxı, Qəbələ, İmişli, Mingəçevir, Şəki, Qax, Biləsuvar, Şəmkir və Qazaxda müxtəlif tədbirlərin təşkili nəzərdə tutulur. Hər bir regionda 2 gün ərzində təşkil olunacaq tədbirlərdə maarifləndirici təlimlər, o cümlədən sosialyönümlü aksiyalar reallaşdırılacaq.
Müvafiq regionlarda yaşayan gənclər üçün peşəkar təlimçilər tərəfindən könüllülük fəaliyyətinin prinsinpləri və əhəmiyyəti, sosial həyatda rolu, mövcud imkanlar, fərdi inkişaf, ictimai ünsiyyət və davranış qaydaları və sair mövzularda interaktiv təlimlər, mühazirələr təşkil olunacaq. Layihəyə ümumilikdə 2000-dən çox gəncin və müxtəlif yaş qruplarına aid olan 3000-dən çox vətəndaşın cəlb olunması nəzərdə tutulur.
Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov, Beyləqan Rayon Təhsil Şöbəsinin əməkdaşı Həsən Məmmədov və Füzuli Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Qabil Əliyev ölkəmizdə həyata keçirilən gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən, könüllülüyün cəmiyyətə aşıladığı dəyərlərdən bəhs edib, “Könüllülər Yurdu - Azərbaycan” layihəsinin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Tədbir “ASAN Könüllüləri” Təşkilatının musiqi qrupunun üzvlərinin iştirakı ilə bədii hissə ilə davam edib. Tədbirin təlim mərhələsində Beyləqan, Cəbrayıl və Füzulidən olan iştirakçılarla könüllüyün mahiyyəti, şəxsi inkişaf, uğurlu insan və sair mövzularda müzakirələr aparılıb. Daha sonra N saylı hərbi hissədə "Hər əsgərə bir məktub" aksiyası keçirilib. Əsgərlərə könüllülər tərəfindən yazılmış məktublar çatdırılıb.
Qeyd edək ki, “Könüllülər Yurdu Azərbaycan” ilk dəfə 2015-ci ildə keçirilib.