CƏMİYYƏT
“Könüllülük Akademiyası 3” layihəsi ilə bağlı müraciətlərin qəbuluna başlanıb
Bakı, 19 fevral, AZƏRTAC
Binəqədi Gənclər evi Gənclər və İdman Nazirliyinin, rayon icra hakimiyyətinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə “Könüllülük Akademiyası 3” (Gənc LiderlərimİZ) layihəsini icra edəcək.
AZƏRTAC xəbər verir ki, layihədə 14-29 yaşlı yeniyetmə və gənclər iştirak edə bilərlər. Layihədə iştirak etmək istəyənlər fevralın 20-də saat 18:00-dək Binəqədi Gənclər evinə müraciət etməlidirlər. Layihədə iştirakla bağlı ətraflı məlumat almaq üçün (012) 561-92-02 və (055) 423-92-02 nömrələri ilə əlaqə saxlamaq lazımdır.
Üç ay müddətində icra olunacaq layihənin əsas məqsədi könüllülər hərəkatının inkişafına töhfə vermək, Binəqədi Gənclər evinin fəaliyyətində gənclərin imkanlarını və rolunu artırmaq, gənclərin inkişafı, onların bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün şərait yaratmaqdır.
Xatırladaq ki, ötən il oktyabrın 28-də start verilən və 300-dən çox gəncin qatıldığı “Könüllülük Akademiyası 2” (Gənc LiderlərimİZ) layihəsinə bu il yanvarın 28-də yekun vurulub. Layihə çərçivəsində fərqlənən gənclər 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə mükafatlandırılıblar.